Pəncərədən açılan mənzərəyə baxa-baxa qəlbimdən keçənlər
Zəng vurub yuxudan oyatdılar: yer qımıldanıb, zəlzələ olub! Yerimdən qalxıb pəncərəyə yanaşdım, həyət-baca adamla doluydu. Bir-birinə həsrət qonşular isti yay gecəsində dərdləşmək üçün yaxşı fürsət tapmışdılar. Kişilər halay qurub şərikli konspirativ xəyallara baş vurur, qadınlar xorla tum çırtlayır, uşaqlar sevincək oynaşırdılar. Binanın girişindəki pilləkəndə oturub şirin-şirin siqaret tüstülədən qələm veteranları unutmuşdular ki, bina yerindən oynasa, onların başına uçacaq. Hamı həsrətlə ikinci təkanı gözləyirdi.
İkinci təkansa özünü lap naza qoymuşdu. Elə bil camaatın başını tovlamaq istəyirdi: siz doluşun evlərinizə, sonrasına baxarıq. Əsas odur ki, qonşuların gecə yarısı bir yerə yığılması qorxu ab-havasını aradan qaldırmışdı, hamı bir-birindən güc, təskinlik alırdı. Yuxu rejiminin pozulması ən yatağan tənbəllərin də ürəyindən idi, elə bil bəşər qiyamət gününü qarşılamağa çıxmışdı.
İnsan oğlu yer üzündə insanlara sığınır, can cana söykənəndə ölümün də zəhmi, zabitəsi pozulur. O gecə hər kəs bunu şüuruyla yox, canı-qanıyla duyurdu. Əzrayılın tünlüyə əli girmir, adam içində olanda adam ölümdən qorxmur. Onsuz da qorxunun əcələ faydası yoxdur. Ölüm elə bir cadugərdir ki, ondan qaçan ona bir az da yaxınlaşır, ondan qorxan, qorunan öz ayağıyla onun üstünə yüyürür, ona çomaq silkələyən özünə əl qatır.
Ölümdən qorunmağın bircə yolu var: ona alternativ şəbəkəyə qoşulmaq. Onda adam oğlu Əzrayılın xofundan qurtulur, çünki onu sadəcə görmür, duymur, dadmır. Onda Şeytanın vəsvəsəsi onun qulaqlarından asılmış dəmir pərdələri deşib içəri yol tapa bilmir. Havayı yerə demirlər ki, qorxaq gündə yüz dəfə, igid ömründə bir dəfə ölür. Bəli, igidlik, qəhrəmanlıq qol gücüylə ölçülmür, igidlik də, qəhrəmanlıq da mənəvi anlayışdır. İgid də, qəhrəman da – Sokrat, İsa peyğəmbər, İmam Hüseyn, Babək, Həllac Mənsur, Nəsimi, Cordano Bruno, Viktor Hüqo, Lev Tolstoydur.
Gecənin bir aləmi maşınlara doluşub zəlzələdən, əcəldən qaçanlara bu qaçışda uğurlar diləməklə yanaşı, Mövlananın “Məsnəvi”də yer almış bir hekayətini xatırlatmaq istəyirəm: bir gün bir kişi Süleyman peyğəmbərə şikayətə gəlir – bəs deməyəsən Əzrayıl gecə onun gözünə görünüb, onu bərk qorxudub. Adam peyğəmbərə yalvarır: amandır, bağrım yarılıb, küləyə əmr elə məni götürüb Hindistana aparsın. Süleyman peyğəmbər onun xahişini yerinə yetirir. Aradan bir az keçmiş Əzrayılla qarşılaşanda peyğəmbər Allahın can alan mələyindən soruşur: o kişini nədən elə qorxudub bağrıqan eləmişdin? Əzrayıl cavabında deyir ki, Allah mənə onun canını Hindistanda almağı tapşırmışdı, ona görə də kişini burada görəndə təəccübləndim, heyrətdən böyümüş gözlərimlə onun gözlərinin içinə baxdım…
Ölümün özündən çox qorxusu qorxuludur. Zəlzələdən vahiməyə düşüb özünü pəncərədən atanlar, ürəyini çatladanlar, immunitetini itirənlər başa düşmürlər ki, zəlzələ onca saniyə titrəyib sönəcək, onların içində açılmış yaralar, çatlar, zədələrsə sağalmayacaq, daim genəlib-böyüyüb, cürbəcür xəstəliklərin, bəlaların orqanizmə yol tapması üçün qapı-pəncərə açacaq. Antik filosof Epikür nahaq yerə demirdi: ölümdən qorxmaq lazım deyil, çünki nə qədər sən varsan, ölüm yoxdur, ölüm olanda isə sən olmayacaqsan.
Əlbəttə, hər ziyanda bir xeyir var. İnsanlar tək xeyirdə yox, şərdə də bir yerə toplaşırlar. Dərd dərdə söykənir, kədər kədərə sarmaşır, qəm qəmə yoldaş olur. Birlik ayrılığı içindən qovur, mərhəmət nifrətə üz vermir. İnsanlar arasından sərhəd götürülür, ürək ürəyə toxunur, könül könülə dəyir. Adam oğlu anlayır ki, ona kömək həmişə başqasından gələcək. Başqası ondan ötrü nədirsə, o da başqasından ötrü həməndir. Bəşər yalnız birlikdə güclü olur, düşmənçilik hər tərəfi – güclünü də, zəifi də əldən, əməldən salır. Təbiətin dağıdıcı gücü qarşısında yeganə təskinliyimiz “Titanik” sərnişinləri kimi birlikdə olmağımız, bir-birimizə sığınmağımızdır. Ölüm hələ də labüddür, tək təsəllimiz onu bir yerdə qarşılamağımızdır.
Zəlzələ baş verən gecə pəncərədən eşiyə baxa-baxa bu sadəlövh, sadə, adi həqiqətlərə bir daha dalmaq xoş oldu…
“Yeni Azərbaycan” qəzeti, 5 iyul 2023